CƏMİYYƏT
Ədliyyə Nazirliyi gənclər arasında ailə dəyərlərinə dair maarifləndirici tədbir keçirib
Bakı, 24 oktyabr, AZƏRTAC
Ədliyyə Nazirliyi tərəfindən vətəndaş cəmiyyətinin və yerli icra hakimiyyətinin nümayəndələri ilə birgə gənclər arasında ailə dəyərləri haqqında və erkən nikahlara qarşı profilaktik maarifləndirici tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ədliyyə və Səhiyyə nazirliklərinin, Ağsaqqallar Şurasının, QHT-lərin nümayəndələri, psixoloqlar, müharibə iştirakçıları, şəhid ailələri, uzun ömür sürmüş nümunəvi ailələr və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin rəsmiləri Reyhanə Kərimova və Səbinə Salmanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ailə dəyərlərinə verdikləri yüksək qiyməti, cəmiyyətin əsas özəyi olan hər bir ailəyə göstərdikləri diqqət və qayğını xüsusilə vurğulayaraq, ailə dəyərlərinin əhəmiyyəti, habelə erkən nikahların törətdiyi fəsadlar haqqında geniş məlumat veriblər.
Həmçinin Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Mirzə Ələkbər Sabir fondunun təsisçisi və direktoru Sevda Tahirli maraqlı təqdimatlarla çıxış edərək gənclərə ailə dəyərlərindən və erkən nikahlar zamanı üzləşilən problemlərdən bəhs ediblər.
Bununla yanaşı, mövzu ətrafında hazırlanmış slaydlar nümayiş olunub, uzunömürlü ailələrin üzvləri keçdikləri ömür-gün yolu barədə söhbət açaraq gənclərə tövsiyələrini veriblər.
Sonda gəncləri maraqlandıran sualları cavablandırılıb.