CƏMİYYƏT
Ədliyyə Nazirliyində vətəndaş cəmiyyəti üçün təlim keçirilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən Bakıda vətəndaş cəmiyyəti nümayəndələrinə “Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə qeyri-hökumət təşkilatlarının öhdəlikləri” mövzusunda təlim keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimdə respublikamızın hərtərəfli inkişafı, demokratik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən mütərəqqi tədbirlər və əldə olunan nailiyyətlər barədə məlumat verilib. Ölkəmizin demokratikləşməsi prosesində qeyri-hökumət təşkilatlarının rolu, dövlət orqanları ilə QHT sektorunun sıx əməkdaşlığı nəticəsində vətəndaş cəmiyyətinin davamlı inkişafı qeyd olunub.
Nazirliyin məsul əməkdaşlarının, ekspert qismində Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyevin və digər QHT nümayəndələrinin iştirak etdikləri tədbirdə qeyri-hökumət təşkilatının daxili nəzarət sisteminin hazırlanması, məsul şəxsin və daxili auditorun təyin edilməsi, müştərilərin eyniləşdirilməsi, verifikasiyası və s. mövzularda mühazirələr oxunub, təqdimatlar keçirilib.
Oxşar tədbirlər Gəncə, Şirvan, Quba və Qəbələ şəhərlərində də təşkil olunub.