SİYASƏT
EDUARD ŞEVARDNADZE: AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NEFT-QAZ STRATEGİYASININ HƏYATA KEÇİRİLMƏSİNİN REGİONUN SİYASİ VƏ İQTİSADİ GƏLƏCƏYİNƏ VERƏCƏYİ TÖHFƏNİ İNSANLARA İZAH ETMƏYİN BÖYÜK ƏHƏMİYYƏTİ VAR
Gürcüstan Prezidenti Eduard Şevardnadze bazar ertəsi keçirdiyi brifinqdə jurnalistləri maraqlandıran çoxsaylı suallara cavab vermişdir. Gürcüstan rəhbəri mətbuat konfransında bildirmişdir ki, boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması üçün bütün güc strukturları səfərbər ediləcək və enerji dəhlizinin təhlükəsizliyi ilə bağlı hər hansı məsələyə ölkənin Milli Təhlükəsizlik Şurasında operativ şəkildə baxılacaqdır. Eduard Şevardnadze xüsusi vurğulamışdır ki, Azərbaycan Prezidenti Heydər Əliyevin neft-qaz strategiyasının həyata keçirilməsinin regionun siyasi və iqtisadi gələcəyinə verəcəyi töhfəni insanlara izah etməyin böyük əhəmiyyəti var. Bu işlər Gürcüstan üçün də son dərəcə mühümdür. Üç ilə yaxın bir vaxt ərzində Gürcüstan ərazisi ilə iki boru kəməri çəkiləcəkdir. Bu isə, uzunmüddətli iş imkanlarının yaradılması, infrastrukturun genişlənməsi və təkmilləşdirilməsi, bütövlükdə iqtisadiyyatımızın inkişafı deməkdir.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi