DÜNYA
EDUARD ŞEVARDNADZE: “GÖRÜŞÜN BAŞ TUTMASINA VƏ ASLAN ABAŞİDZE İLƏ İŞGÜZAR SÖHBƏTƏ GÖRƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜR EDİRƏM”
İki-üç günə Mərkəzi Seçki Komissiyası seçkilərin rəsmi nəticəsini elan edəcəkdir, bundan sonra Konstitusiyaya müvafiq olaraq, mən yeni çağırış Gürcüstan parlamentinin iclasını təyin edəcəyəm, burada parlament rəhbərliyi seçiləcəkdir. Təkrar edirəm, bəzi çatışmazlıqlara baxmayaraq, Gürcüstan parlamentinə seçkilər baş tutmuşdur. Özü də əvvəlki seçkilərdən daha demokratik şəraitdə. Bir neçə məntəqədə seçkilərin nəticəsi ləğv olunmuşdur, həmin məntəqələrdə təkrar seçkilər keçiriləcəkdir. Radikal müxalifətin nə parlament seçkilərinin etibarsız sayılıb, yenidən seçkilər keçirilməsinə, nə də prezidentin istefasına dair tələbləri qanuni deyildir. Prezidentin səlahiyyəti 2005-ci ilin aprelində başa çatacaq və əgər özüm ərizə yazıb getməsəm, yaxud nə isə baş verməsə, səlahiyyət müddətimədək prezident vəzifəmi yerinə yetirəcəyəm.
Acarıstan Muxtar Respublikasının başçısı Aslan Abaşidzenin Azərbaycan, Rusiya və Ermənistana son günlərdəki səfərinə münasibətini bildirən Gürcüstanın dövlət başçısı demişdir ki, A.Abaşidzenin bu səfərləri çoxdan planlaşdırılmışdı. Mən ondan Azərbaycan Prezidenti ilə görüşməyi xahiş etmişdim. Bu görüşün baş tutmasına və Aslan Abaşidze ilə işgüzar söhbətə görə Azərbaycan Prezidentinə təşəkkür edirəm. Digər ölkələrdəki görüşlər də belə işgüzar xarakter daşıyırdı. Radikal müxalifətin “A.Abaşidze E.Şevardnadzeyə dəstək qazanmaq üçün bu ölkələrə səfər edir”- deyə yaydığı şayiələrin heç bir əsası yoxdur. “Qonşularımız ölkəmizdə baş verən proseslərlə maraqlanırlar, onlar üçün sabit, müstəqil və qüdrətli Gürcüstan vacib şərtdir. Rusiya Federasiyasının prezidenti Vladimir Putin üç dəfə mənə telefon açıb vəziyyətlə maraqlanmış və bizim seçdiyimiz dialoq yolunu alqışlamışdır”.
Sonra prezident iki gün öncə əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Kvemo Kartli - Borçalı bölgəsinin nümayəndələri ilə görüşdüyündən danışmışdır. Ölkə başçısı qeyd etmişdir ki, nümayəndə heyəti çoxmillətli idi, bu görüş məndə böyük təəssürat yaratdı və bu bölgəyə səfər edə bilmədiyimdən təəssüflənirəm.
X X X
Radikal müxalifət isə iki gün dincəldikdən sonra noyabrın 17-dən Gürcüstan əhalisini itaətsizliyə cağırır və tələbini qüvvədə saxlayır. Necə deyərlər, mitinq dayandırılıb, mitinq davam edir. Nəticəni əvvəlcədən söyləmək çətindir. Hadisələr olduqca mürəkkəb və proqnozlaşdırılması mümkün olmayan vəziyyətdədir.