Əfqan Həmzəyev: Futtennis və teqbal yarışları maraqlı mübarizə şəraitində keçdi
Bakı, 31 yanvar, AZƏRTAC
“Şuşa”, “Ağdam”, “Füzuli”, “Kəlbəcər”, “Laçın”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” komandaları iki gün ərzində futtennis və teqbal yarışlarında iştirak etdilər. Futtennis və teqbal yarışları yüksək səviyyədə və maraqlı mübarizə şəraitində keçdi.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Futnet Federasiyasının baş katibi, FIFA hakimi Əfqan Həmzəyev bildirib.
O qeyd edib ki, Azərbaycan Futnet Federasiyasının və “ASAN Könülləri” Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan yarışlar gənclərin böyük marağına səbəb olub: “2 Fevral - Azərbaycan Gəncləri Gününun elan edilməsinin 25 illiyi münasibətilə ASAN könüllülər arasında təşkil edilən futtennis və teqbal üzrə turnirlərdə gənclər böyük maraqla iştirak etdilər. Futtennis turnirində 50-yə yaxın ASAN könüllülər azarkeşlik etdilər. Hər iki turnirdə “Şuşa” adı altında çıxış edən komandaların qalib olması sevindirici haldır. Ümumiyyətlə, bütün komandalar yarışa ciddi hazırlaşmışdılar. Ona görə də hər iki növ üzrə yarışda gərgin mübarizə getdi. “ASAN” xidmətin rəhbərliyi və könüllülər bu turnirdən razı qaldılar. Düşünürəm ki, iş birliyimiz gələcəkdə də davam etdiriləcək”.
Əfqan Həmzəyev belə yarışların kütləviliyin təmin edilməsi, idman növlərinin daha geniş auditoriyada tanınması üçün faydalı olduğunu bildirib: “Müxtəlif təşkilatlar, idarə və müəssisələrin işçiləri arasında təşkil edilən belə yarışlarda məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, həm də bu idman növlərinin kütləviliyinin təmin edilməsidir. Biz istəyirik ki, uşaq və yeniyetmələr arasında da bu idman növlərinin coğrafiyasını genişləndirək və inkişaf etdirək. Onu da qeyd edim ki, mütəmadi olaraq, idmançılar arasında futnet, futtennis və teqbal üzrə bir sıra yarışlar təşkil edilir və onların arasından beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək üçün idmançılar seçilir”.
Baş katib keçən ilin avqust ayında “YAŞAT” Fondunun şəhid övladları üçün düşərgədə təşkil etdiyi sosial layihədə federasiyanın da iştirak etdiyini bildirib. O qeyd edib ki, federasiya Lənkəranda şəhid övladlarının asudə vaxtlarının səmərəli təşkili üçün futtennis yarışlarını təşkil edib. Belə sosial layihələrdə iştirak etmək və dövlətin bu sahədə siyasətini dəstəkləmək üçün federasiyanın rəhbərliyi bundan sonra da səylərini əsirgəməyəcək.
Əfqan Həmzəyev Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğıdan bəhrələnərək bu idman növləri üzrə də gələcəkdə güclü potensiala malik idmançıların yetişdirilməsinin əsas hədəf olduğunu bildirib. O, sonda tunirlərin, ümumiyyətlə, federasiyanın fəaliyyətinin geniş ictimaiyyətə təqdim edilməsində göstərdiyi informasiya dəstəyinə görə AZƏRTAC-ın kollektivinə təşəkkürünü bildirib.