İQTİSADİYYAT
Əhalinin gəlirləri 7,2 faiz artmışdır
Bakı, 15 avqust (AZƏRTAC). 2013-cü ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 18,9 milyard manata çatmışdır. Onun hər nəfərə düşən həcmi orta hesabla 2040,8 manat və ya ayda 291,5 manat təşkil etmişdir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilmişdir ki, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,7 faiz bəndi üstələyərək 5,8 faiz olmuşdur.
Bu dövr ərzində gəlirlərin 68,9 faizi son istehlaka, 9,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 20,2 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlirlər 17,2 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 7,2 faiz artmışdır.