SİYASƏT
ƏHMƏD DAVUDOĞLU: “ERMƏNİSTANLA İMZALANMIŞ PROTOKOLLAR YALNIZ SƏRHƏDLƏRİN AÇILMASI VASİTƏSİ KİMİ BAŞA DÜŞÜLMƏMƏLİDİR”
Ankara, 26 yanvar (AZƏRTAC). Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu NTV televiziya kanalına müsahibəsində bildirmişdir ki, Ermənistanla imzalanmış protokollar gələcəkdə müzakirə olunarsa və həyata keçirilərsə, bütün maddələr eyni vaxtda gündəliyə çıxarılmalıdır. Heç kim “Türkiyə sərhədləri açsın və protokolların digər maddələri sonraya qalsın” fikri ilə hərəkət etməməlidir.
Əhməd Davudoğlu demişdir ki, Türkiyə Baş nazirinin Moskvaya rəsmi səfəri zamanı Dağlıq Qarabağ problemi ilə bağlı aparılmış danışıqlar və özünün rusiyalı həmkarı Sergey Lavrov ilə görüşü haqqında Azərbaycanın xarici işlər nazirinə ətraflı məlumat vermişdir. Məsələ xarici siyasət idarələri rəhbərlərinin yaxın günlərdə Londonda keçiriləcək görüşündə də müzakirə olunacaqdır.
Türkiyəli nazir onu da əlavə etmişdir ki, Azərbaycan-Ermənistan danışıqları prosesi olduqca mühümdür və çox çətin olmasına baxmayaraq “dondurulmuş” münaqişə kimi qalmasından daha yaxşıdır.
Xarici işlər naziri bir daha rəsmi Ankaranın Ermənistanın protokollarla bağlı mövqeyindən narahatlığını dilə gətirmişdir. Onun sözlərinə görə, Türkiyə bu protokolları imzalamaqla 3 məqsəd güdmüşdür. Birincisi, Türkiyə ilə Ermənistan arasında iki qonşu ölkə kimi sülhün və etimadın təsis edilməsi; ikincisi, dünyanın bütün ölkələrində olan türklər və ermənilər arasında ədavətin aradan qaldırılması və üçüncüsü, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması. İndi qarşı tərəfin millətçilərin və daşnakların diqtəsi ilə bu ünsürləri təftiş etməsi haqlı narazılıq doğurur. Ermənistan rəhbərləri Sarkisyan və Nalbandyan imzlanmış protokollara sahib çıxmalıdırlar. Çünki imzalanma mərasimindən 3 ay keçməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də protokolları parlamentə göndərməmişdir.
Türkiyənin xarici işlər naziri Londonda bu məsələni bir daha ABŞ-ın dövlət katibi xanım Hillari Klintonla müzakirə edəcəyini də diqqətə çatdırmışdır. O, Amerika Birləşmiş Ştatlarını və İsveçrəni də şübhə doğuran hərəkətlərdən vaz keçməyə çağırmışdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara