CƏMİYYƏT
Əlcəzair portalı Qlobal Media Konqresində AZƏRTAC-ın öz stendi ilə iştirak edəcəyi barədə xəbəri yayımlayıb
Qahirə, 9 sentyabr, AZƏRTAC
Əlcəzairin “Əl Hərir” portalı noyabrın 15-17-də Əbu-Dabidə dünyanın hər yerindən 1200-dən çox media sektoru təmsilçisinin, ekspertlərin və jurnalistlərin, həmçinin 200-dən artıq media şirkəti rəhbərinin iştirakı ilə keçiriləcək birinci Qlobal Media Konqresində AZƏRTAC-ın öz stendi ilə iştirak edəcəyi barədə xəbəri yayımlayıb.
Portal diqqətə çatdırır ki, sərgidə informasiya agentliklərinin fəaliyyətinə də xüsusi yer ayrılacaq və AZƏRTAC Media Konqresinin tərəfdaşlarından biri kimi tədbirdə öz stendi ilə təmsil olunacaq.
Materialda AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti, UNA-nın büro üzvü Aslan Aslanovun bu sözləri sitat gətirilir: “Agentliyimizin Qlobal Media Konqresi kimi nüfuzlu tədbirə dəvət edilməsindən və orada öz stendi ilə təmsil olunmasından məmnunuq. Düşünürük ki, bu tədbir müasir texnologiyaların təsiri altında sürətlə dəyişən media sahəsində yeni istiqamətləri müəyyənləşdirmək, medianın gələcəyini proqnozlaşdırmaq baxımından maraqlı ideyalar təqdim edəcək. Konqres çərçivəsində bu sahənin peşəkarlarının iştirakı ilə keçiriləcək konfranslar, sərgilər, seminarlar, debatlar güclü fikir axını yaradacaq ki, bu da mütləq şəkildə yeni yanaşmaların formalaşmasına böyük təkan olacaq”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə