Elçin Babayev: Mütəxəssislərimizin ixtiralarının xaricdə reallaşmasına dəstək olacağıq
Bakı, 23 oktyabr (AZƏRTAC). Mütəxəssislərimizin ixtiralarının xaricdə reallaşmasına dəstək olacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 23-də Bakıda “İnnovasiya texnologiyalarının transferi: marketinq və müqavilələrin bağlanması” mövzusunda keçirilən beynəlxalq seminarda iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev demişdir.
Üç il əvvəl dövlətimizin başçısının sərəncamı ilə fondun yaradıldığını bildirən direktor, bu günədək elmin bütün sahələrini əhatə edən 155 layihəni fondun qrantları vasitəsilə həyata keçirildiyini qeyd etmişdir.
Xüsusi layihələri də dəstəklədiklərini vurğulayan E.Babayev, bunların sırasında Azərbaycanda elmi tədbirlərin keçirilməsi layihələrini misal göstərmişdir.
E.Babayev eyni zamanda vurğulamışdır ki, EİF öz fəaliyyətində təkcə akademiya, universitet strukturlarındakı təşkilatları deyil, qeyri-hökumət təşkilatlarını da dəstəkləyir və bu seminarın keçirilməsi üçün “Əqli Mülkiyyət və İnnovasiya” İctimai Birliyinə kömək göstərmişdir.
Direktor diqqətə çatdırmışdır ki, yenilik gətirən, inkişafa töhfə verən layihələrə həmişə dəstək göstəriləcəkdir. Seminara bir çox xarici ölkələrdən innovasiya mütəxəssislərinin gəldiyini bildirən E. Babayev məruzələrin bir növ ustad dərsləri xarakterli daşıdığını bildirmişdir.
Seminarın formal xarakter daşımadığını, əldə edilmiş biliklərin reallaşacağını, hətta bunların sonunun patentlərə qədər gedib çıxa biləcəyini qeyd edən E.Babayev, səfər qrantı vasitəsilə alimlərimizin xarici ölkələrdə seminarlara getməsinə və mütəxəssislərimizin ixtiralarının xaricdə reallaşmasına da dəstək veriləcəyini qeyd etmişdir.
Diqqətə çatdırılmışdır ki, noyabr ayının 10-u və 11-də Bakıda fizika üzrə beynəlxalq konfrans keçiriləcəkdir. Konfransda ABŞ-dan, Yaponiyadan, Fransadan, Almaniyadan tanınmış alimlərin iştirak edəcəkləri gözlənilir.