SİYASƏT
Əli Əhmədov: Azərbaycanda həm İslam mədəniyyətindən irəli gələn ənənəyə, həm də ölkənin qanunvericiliyinə uyğun olaraq uşaqlara böyük diqqət və qayğı göstərilir
Bakı, 11 noyabr (AZƏRTAC). Azərbaycanda həm İslam mədəniyyətindən irəli gələn ənənəyə, həm də ölkənin qanunvericiliyinə uyğun olaraq uşaqlara böyük diqqət və qayğı göstərilir. Uşaq hüquqlarının qorunması, uşaqlara qayğı Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir.
Bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında demişdir.
Əli Əhmədov bildirmişdir ki, İSESCO Azərbaycanda bir çox uğurlu layihələr həyata keçirmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyeva bu layihələrin həyata keçirilməsinə dəstək göstərmişdir. Ümumiyyətlə, Mehriban Əliyevanın İSESCO-nun fəaliyyətində yaxından iştirakı ölkəmizin bu qurum ilə əməkdaşlığının yüksək səviyyəyə çatmasına kömək etmişdir.
Konfransın gündəliyindəki məsələlərin önəmini vurğulayan Baş nazirin müavini urbanizasiyanın uşaqlarla bağlı bir çox problemlər yaratdığını da diqqətə çatdırmışdır. Əli Əhmədov əlavə etmişdir ki, həmin problemlərin aradan qaldırılması istiqamətində müvafiq proqramın hazırlanmasına ehtiyac vardır. Bu gün İslam ölkələrində urbanizasiya, uşaqların hüquqlarının qorunması ilə əlaqədar ciddi problemlər yaşanmaqdadır. Hesab edirəm ki, bu konfrans həmin problemlərin həllinə, uşaq hüquqlarının qorunmasına töhfəsini verəcəkdir.
Əli Əhmədov diqqətə çatdırmışdır ki, Azərbaycanda bu məsələlərlə bağlı həyata keçirilən tədbirlərin yaxından öyrənilməsi İslam dünyasında uşaq hüquqlarının qorunması istiqamətində işlər görülərkən model kimi götürülə bilər. Məhz Azərbaycan nümunəsinin ayrı-ayrı ölkələrdə tətbiq edilməsi konfransın qarşısında duran məsələlərdən biridir. Bu baxımdan İSESCO-nun uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransının Bakıda keçirilməsi təsadüfi deyildir.