SİYASƏT
Əli Məhrami: Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu artıq tarixin parlaq səhifəsinə çevrilmişdir
![Əli Məhrami: Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu artıq tarixin parlaq səhifəsinə çevrilmişdir](/files/2013/3/1200x630/14071451484424127447_1200x630.jpg)
Tehran, 22 noyabr (AZƏRTAC). Artıq üçüncü Bakı Beynəlxalq Humanitar Forumu tarixə çevrilmişdir. Forumda İran İslam Respublikasını təmsil edənlərdən biri də Tehrandakı Fars Dili və Ədəbiyyatı Akademiyasının böyük elmi işçisi, filologiya elmləri namizədi Əli Ələsgərzadə Məhramidir.
Alim forumla bağlı AZƏRTAC-a müsahibəsində demişdir:
-Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu yüksək təşkilatçılığı, mövzuların aktuallığı, müzakirələrin səmimiliyi, iştirakçıların nüfuzu və bir sıra digər səciyyəvi cəhətləri ilə yadda qalmışdır. Humanizmdən, insanlığa qayğıdan, dünyada sülh, sabitlik, tərəqqi və inkişafdan bəhs edilən elə bir beynəlxalq məkan ola bilməz ki, orada Bakı Forumu barədə müsbət fikir ifadə edilməsin. Forumun tərkibi onun məram və məqsədinə, tarixi əhəmiyyətinə dəyər verən əsas məqamlardan biridir. Əminliklə deyə bilərəm ki, böyük alimlərin, dünya siyasətində yeri və rolu olan nüfuzlu siyasətçilərin, görkəmli mədəniyyət xadimlərinin səsləndirdikləri fikir və mülahizələr, irəli sürülmüş mühakimələr dünyanın ən mötəbər tədqiqat mərkəzlərində, strateji araşdırmalar institutlarında təhlil edilir, qaldırılmış problemlərlə bağlı müvafiq qərarların qəbulu üçün yeni şanslar yaranır.
-Bəs Azərbaycanı necə gördünüz?
-2013-cü ilin Novruz bayramını Bakıda keçirmişdim. Həmin səfər də yaddaşıma yalnız xoş xatirələr - insanların mehriban münasibəti, füsunkar gözəlliklərin dadı və ləzzəti ilə yazılmışdır. Daha çox ictimaiyyət arasında olduğum üçün yüksək davranış, ədəb qaydalarının qorunması, insanların azad həyat tərzi, azad düşüncəsi və fikirlərini sərbəst ifadə etmələri mənə zövq verirdi. Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda isə Azərbaycan Respublikasındakı yüksək idarəetmə mədəniyyətinin, peşəkar milli mütəxəssislərin olmasının, Vətənə və dövlətə sevginin, qonağa sayğının şahidi oldum.
Mən Forum çərçivəsində Qəbələdə də oldum. Orada gördüklərim əsl nağıllar aləmi, yaddaşdan silinməyəcək gözəl təəssüratlardır. Qəbələdə Məscid və Albaniya dövlətindən yadigar olan qədim məbəd-kilsə ilə tanış oldum. İnsanlar hər iki ibadət evinə eyni sayğı, eyni müqəddəsliklə yanaşırlar. Bu, dini dözümlüyün ən yüksək səviyyəsidir. Bizi Qəbələyə aparan təyyarənin azərbaycanlı pilotunun son dərəcə ustalıqla uçuş və eniş etməsindən qürurlandım və düşündüm ki, doğrudan da Azərbaycan təkcə sosial-iqtisadi inkişafla kifayətlənmir, bütün sahələr üzrə milli kadrlarını cəmiyyətin ixtiyarına verir. Dünya şöhrətli Heydər Əliyevin görmək istədiyi Azərbaycan dövləti, indi Prezident İlham Əliyevin rəhbərliyi ilə əzəmətli bir abidə kimi qurulur. Bütün bu nailiyyətlər Heydər Əliyevin ruhunu şad edən gözəlliklərdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran