Elmi-praktik konfransda anadangəlmə inkişaf qüsurlarının yaranma səbəbləri müzakirə olunub
Naxçıvan, 3 aprel, AZƏRTAC
Anadangəlmə ürək qüsuru ürək və böyük damarların embrional dövrdə formalaşan struktur anomaliyaları olub, hemodinamik pozğunluqlar nəticəsində yaranır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər yeni doğulan 1000 körpənin 8-10-da bu xəstəliyə rast gəlinir.
Naxçıvan Dövlət Universitetinin (NDU) mətbuat şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu faktlar ali təhsil ocağının tibb fakültəsində “Anadangəlmə inkişaf qüsurları” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib.
“Hamiləlik dövrü döldə qüsurların yaranma səbəbləri və profilaktikası” adlı çıxışında tibbi klinik fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva bətndaxili inkişaf pozğunluqları, onların yaranma səbəbləri, hamiləlik dövrü yaranan xəstəliklər və qüsurların aid edildiyi mərhələlər haqda danışıb. Hamiləlikdən öncə sağlamlıq proqramları barədə məlumat verən həkim hamiləlik dövründə anaların maarifləndirilmə prosesinin əhəmiyyətini qeyd edib.
Həmin kafedranın müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Mətləb İbrahimov “Naxçıvan Muxtar Respublikasında anadangəlmə inkişaf qüsurlarının (AİQ) rastgəlmə tezliyi” mövzusunda çıxışında bildirib ki, uşaqların ölüm strukturunda bətndaxili xəstəliklərin rolu böyükdür. Düzgün aparılan müayinələr nəticəsində yeni doğulmuş uşaqların ölüm dinamikası son dövrlərdə minimal həddə çatıb.
Universitetin Klinik Xəstəxanasının baş həkimi, eyni kafedranın dosenti Elmar Rzayev muxtar respublikada uşaqlarda anadangəlmə böyrək qüsurları adlı çıxışında qüsurların hamiləlik zamanı ananın keçirdiyi bir çox infeksion xəstəliklər (toksoplazmoz, HSV, CMV və.s), ananın zərərli vərdişləri, irsi faktorlar, qəbul etdiyi dərmanların təsirindən olduğu müəyyənləşdirilib.
Çıxışlardan sonra müəllim və tələbələrin sualları cavablandırılıb.