ELM VƏ TƏHSİL
Elmi şuranın iclası akademik Ağadadaş Əliyevin 75 illik yubileyinə həsr olunub
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda elmi şuranın iclası kimya texnologiyası sahəsində görkəmli alim, akademik Ağadadaş Əliyevin 75 illik yubileyinə həsr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Dilqəm Tağıyev yubilyarın keçdiyi ömür yolundan, elmi fəaliyyətindən söz açıb.
Bildirib ki, qeyri-stasionar katalitik proseslərin riyazi modelləşdirilməsi və optimallaşdırılması sahəsində tanınmış alim Ağadadaş Əliyev 1940-cı ildə Bakı şəhərində anadan olub. Kimyəvi reaksiyaların kinetika və mexanizminin tədqiqi, çoxmərhələli reaksiyalar üçün yüksək effektivliyə malik çoxfunksiyalı metalseolit katalizatorları sintezinin elmi əsaslarının işlənib hazırlanması onun elmi fəaliyyətinin əsasını təşkil edir. A.Əliyevin rəhbərliyi ilə sənaye və yeni katalitik proseslərin riyazi modelləri işlənib hazırlanıb, onların əsasında optimal iş rejimləri hesablanıb və bir sıra neft kimyası zavodlarında və layihə institutlarında tətbiq edilib . O, 550-dən çox elmi əsərin, 50 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir.
Sonra məruzə edənlər ömrünün 45 ildən çoxunu elmə həsr edən A.Əliyev haqqında ürək sözlərini bildirib, onun görkəmli alim olmaqla yanaşı, səmimi, mehriban, qayğıkeş bir insan olduğunu qeyd ediblər.
Sonda akademik ona ünvanlanan təbriklərə və xoş sözlərə görə institutun kollektivinə minnətdarlığını ifadə edib.