Elmin İnkişafı Fondu 3-cü Şuşa qrantı müsabiqəsinin nəticələrini açıqlayıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) 3-cü Şuşa qrantı müsabiqəsinin nəticələrini açıqlayıb
Qarabağla bağlı ölkədə aparılan elmi tədqiqatları stimullaşdırmaq, regional və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2012-ci il mayın 8-də “Şuşa qrantı”nı təsis edib. Birinci “Şuşa qrantı” müsabiqəsi 2012-ci ildə elan edilərək keçirilib və bu müsabiqənin nəticələri üzrə qalib 4 layihədən 2-si beynəlxalq xarakterli olmaqla, Almaniya və Ukrayna alimləri ilə birgə uğurla yerinə yetirilib. İkinci “Şuşa qrantı” məqsədli müsabiqəsi isə EİF və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birgə 2013-cü ildə elan olunaraq keçirilib, 10 qalib layihə müəyyənləşdirilib. Üçüncü “Şuşa qrantı” müsabiqəsi isə 2014-cü il dekabrın 25-də elan edilib, qrant iddiaçılarına kömək məqsədilə bir neçə məsləhət seminarı təşkil olunub.
Müsabiqəyə müvafiq elm sahələri və qrant növləri üzrə 13 layihə daxil olub, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilib, layihələrin ekspertizası işinə EİF-in daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunub. Müsabiqənin nəticələrinə dair EİF-in Himayədarlar Şurası tərəfindən qəbul edilən yekun qərara əsasən, 3-cü Şuşa qrantı müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 220000 manat olmaqla 5 qalib layihə müəyyənləşdirilib.
Üçüncü Şuşa qrantı müsabiqəsi üzrə qalib layihələr Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və qeyri-hökumət təşkilatı olan “Sağlam nəsil” Tibbi Elmi-Tədqiqat Mərkəzində yerinə yetiriləcək.
Humanitar və ictimai elmlər sahəsi üzrə 4 layihə, biologiya, tibb və aqrar elmləri üzrə isə 1 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 2-si qadın, 3-ü isə kişidir.
İkisi beynəlxalq olan qalib layihələrdən 4-ü fundamental-tətbiqi xarakterlidir, 1 layihə üzrə isə “Azərbaycan Respublikasındakı məcburi köçkünlərin adaptasiyasının sosial-tibbi aspektləri və həyat keyfiyyəti” mövzusunda Bakıda beynəlxalq elmi konfrans keçiriləcək.
“Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri və ermənilər tərəfindən törədilən soyqırımların pərdəarxası”, “Ətraf mühitin təhlükəsizliyinin təminatı kontekstində Ermənistandan Azərbaycana və digər region dövlətlərinə qarşı ekoloji və hidroloji təhdidlər”, “Azərbaycanın Ağdam rayonu toponimlərinin və dialektlərinin toplanılması və linqvistik təhlili”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində zədələnməyə məruz qalmış insanların sosial-psixoloji vəziyyətinin qiymətləndirilməsi” kimi mövzular üzrə yerinə yetiriləcək layihələr Qarabağ tədqiqatlarını daha da zənginləşdirəcək.
Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.