Elmin İnkişafı Fondu dördüncü “Mobillik qrantı” müsabiqəsinin nəticələrini elan etmişdir
Bakı, 11 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı nəzərdə tutan, 2014-cü ildə keçirilmiş dördüncü “Mobillik qrantı” müsabiqəsinin nəticələrini elan etmişdir.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqə müddətində EİF qrant iddiaçılarına kömək məqsədilə dörd məsləhət seminarı təşkil etmişdir. Müsabiqəyə daxil olmuş 35 layihənin ekspertizası nəticəsində altı layihə texniki ekspertiza mərhələsindən keçməmiş, 29 layihə elmi ekspertiza mərhələsinə buraxılmışdır.
Nəticələr EİF-in Himayədarlar Şurası tərəfindən təsdiq edildikdən sonra dördüncü “Mobillik qrantı” müsabiqəsi üzrə 11 qalib layihə müəyyənləşdirilmişdir. Layihələrin ümumi maliyyələşdirilmə həcmi yetmiş min yüz manatdır.
Dördüncü “Mobillik qrantı” müsabiqəsində qalib olan layihələrdən doqquzu qısamüddətli elmi təcrübəkeçmə ilə, ikisi isə xaricdə elmi tədbirdə iştirakla bağlıdır. Qaliblərdən beşi AMEA-nın institutlarını, beşi ali təhsil qurumlarını, biri isə “Azərkosmos” ASC-ni təmsil edir. Fizika-riyaziyyat və texnika elmləri üzrə 4, kimya elmləri üzrə 2, Yer haqqında elmlər üzrə 3, humanitar və ictimai elmlər üzrə isə 2 layihə qalib elan olunmuşdur.
Dördüncü “Mobillik qrantı”nın qalibləri Belçika, ABŞ, Türkiyə, Avstriya, Portuqaliya. Rusiya Federasiyası, Böyük Britaniya, Almaniya və Yaponiyada elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak edəcəklər.
“Mobillik qrantı” üzrə müsabiqələrin məqsədi Azərbaycanda elmin inkişafını dəstəkləmək, alimlərin xaricdə təcrübə keçməsini və tədbirlərdə iştirakını stimullaşdırmaq, beynəlxalq elmi əlaqələr qurulmasına şərait yaratmaq və ölkənin elmi kadr potensialını daha da gücləndirməkdir.
Qeyd edək ki, “Mobillik qrantı” müsabiqələri daimi əsaslarla keçirilir. Yaxın günlərdə Elmin İnkişafı Fondu növbəti “Mobillik qrantı” müsabiqəsini elan edəcəkdir. Ətraflı məlumatı EİF-in http://www.sdf.gov.az/ saytından əldə etmək mümkündür.