Elmin İnkişafı Fondu ilə “Azərkosmos” ASC arasında əməkdaşlığın prioritetləri müzakirə olunmuşdur
Bakı, 11 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu iyulun 11-də “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində görüş keçirmişdir.
Elmin İnkişafı Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əsas məqsədi gələcək əməkdaşlığın prioritetlərinin müzakirəsi olan görüş çərçivəsində fondun icraçı direktoru Elçin Babayev və qurumun əməkdaşları “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində “Azərspace-1” peykinin idarə edilməsi prosesi, mərkəzin infrastrukturu və fəaliyyət prinsipləri ilə tanış olmuşlar.
Qonaqlara rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verən “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev bildirmişdir ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli teleradio yayımı, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üzrə peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peykinin əhatə dairəsinə Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionları daxildir.
Daha sonra Elçin Babayev “Azərbaycanda elmin qrant maliyyələşdirilməsi” mövzusunda təqdimat keçirmişdir. Fondun həyata keçirdiyi müxtəlif qrant layihələri barədə məlumat verən icraçı direktor “Azərkosmos” ASC-nin əməkdaşlarını bu layihələrdə fəal iştiraka dəvət etmişdir. Qeyd olunmuşdur ki, əldə edilən elmi nəticələrin dünya miqyasına çıxarılması üçün rəqabətə davamlı aktual tədqiqatlar aparılmalıdır. Elmin İnkişafı Fondu ilə əməkdaşlıq bu baxımdan da faydalı ola bilər.