Elmin İnkişafı Fondu kompleks elmi-tədqiqat proqramları üzrə böyük layihələri dəstəkləyəcək
Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) 2014-cü il üçün elan olunmuş əsas qrant müsabiqəsi çərçivəsində təqdim edilən kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin ekspertizasının nəticələrini açıqlayıb.
EİF-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və təhsil sistemindəki təşkilatlar və digər qurumlar tərəfindən təqdim edilmiş bu tip proqram layihələrinin böyük maliyyə həcmli qrantlar (100 min-500 min manat arası) yolu ilə maliyyələşdirilməsinin əsas məqsədi elmi-tədqiqat müəssisələrinin, bölmə və mərkəzlərinin, elmlə əlaqəli digər qurumların fəaliyyətini stimullaşdırmaq, müxtəlif elm sahələrində yerinə yetirilən elmi-tədqiqat işlərini (xüsusilə multidissiplinar araşdırmaların) dəstəkləmək, maddi-texniki təminatının müasir tələblərə cavab verən səviyyədə yenilənməsi, qısa müddətdə rəqabət apara biləcək elmi nəticələrin alınmasına şərait yaratmaq, müasir elmi-tədqiqat qrupları, laboratoriyalar, mərkəzlər (o cümlədən, beynəlxalq əməkdaşlıq çərçivəsində) yaratmaqdır. Layihələrdə maliyyə və maddi-texniki təminatla (cihazlar, qurğular və avadanlıqlar) yanaşı, paralel olaraq ezamiyyətlər yolu ilə elmi kadr hazırlığı da nəzərdə tutulub.
Müsabiqənin əsas prioritetləri azərbaycançılıq ideologiyası, multikulturalizm, sivilizasiyalararası dialoq, yüksək texnologiyalar və yüksək xassəli materiallar, elektron elmin formalaşması və inkişaf, biofizika, biotəbabət, molekulyar biologiya və biotexnologiyalar, genomika, molekulyar genetika, tibbin müasir problemləri, əczaçılıq, geofizika və hidrologiya, neft tədqiqatları, neft kimyası, qeyri-üzvi materialşünaslıq, aqrar tədqiqatlar, torpaqşünaslıq, ərzaq problemləri və s. olub.
2014-cü il üçün əsas qrant müsabiqəsinin kompleks elmi-tədqiqat proqramları üzrə layihələr arasından 14 qalib layihə müəyyənləşdirilib və fondun Himayədarlar Şurasının müvafiq qərarı ilə təsdiqlənib. Digər layihələr üzrə əlavə qərar qəbul ediləcək.
Qalib layihələr AMEA-nın Fizika, Radiasiya Problemləri, İnformasiya Texnologiyaları, Geologiya və Geofizika, Botanika, Kataliz və Qeyri-üzvi Kimya, Neft-kimya Prosesləri, Fəlsəfə və Hüquq institutlarında, Təcrübə-Sənaye Zavodunda, həmçinin Bakı Dövlət Universitetində, Milli Onkologiya Mərkəzində yerinə yetiriləcək.
Multidissiplinar xarakterli layihələrin reallaşdırılmasında adıçəkilən qurumların əməkdaşları ilə yanaşı AMEA-nın Fiziologiya, Zoologiya, Aşqarlar Kimyası institutlarının, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik və Tərəvəzçilik sahə institutlarının alim və mütəxəssisləri də iştirak edəcəklər. Qeyri-hökumət təşkilatları olan “Sağlam nəsil” İctimai Birliyi və Abşeron Biotexnoloji MMC-nin əməkdaşları də layihələrdə təmsil olunublar. Fizika-riyaziyyat və texnika elmləri üzrə üç, kimya elmləri üzrə beş, Yer haqqında elmlər üzrə bir, biologiya, tibb və aqrar elmləri üzrə dörd, humanitar və ictimai elmlər üzrə bir layihə qalib olub. Layihələrin icra müddəti 18 aydan 36 ayadəkdir və bu müddət əhəmiyyətli və tətbiqi xarakterli nəticələrin alınmasına imkan verəcək.
Elmin İnkişafı Fondu gələcəkdə də kompleks elmi-tədqiqat proqramları üzrə böyük maliyyə həcmli və uzunmüddətli qrant layihələrini dəstəkləyəcək.