Elmin İnkişafı Fondu qrant müsabiqələrində qalib olmuş layihələrin monitorinqinə başlamışdır
Bakı, 2 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) qrant müsabiqələrində qalib olmuş müxtəlif xarakterli layihələrin monitorinqinə başlamışdır.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, monitorinqlərin məqsədi elmi-tədqiqat işlərinin həyata keçirilməsi üçün ayrılmış vəsaitlərin səmərəli istifadəsinin artırılması, Azərbaycanda alınmış elmi nəticələrin dünya elmi ictimaiyyətinə çatdırılması, nəticələrin nüfuzlu jurnallarda nəşrinə nail olunması, bu işlərə olan elmi istinadların statistikasının araşdırılması, qrantlar üzrə hesabatlarda şəffaflığın təmin edilməsi kimi məsələlərdir.
Monitorinqin digər bir məqsədi isə qrant maliyyələşdirilməsi çərçivəsində fond tərəfindən alınaraq layihələr üzrə istifadəyə verilmiş xüsusi elmi cihaz, avadanlıq və qurğuların, həmçinin informasiya-kommunikasiya texnologiyaları və digər avadanlıqların istifadə dərəcəsini müəyyənləşdirmək, mümkün problemlərin aradan qaldırılmasıdır. Bu məqsədlə fond avadanlıqlar verilmiş elmi müəssisələrdə razılaşdırılmış səyyar monitorinqlər də aparacaqdır. Monitorinqlərin nəticələri ümumiləşdirilərək gələcək fəaliyyətdə nəzərə alınacaqdır. Azərbaycan Milli Elmlər Akademiyasında birgə monitorinqlərin keçirilməsi razılaşdırılmışdır.
Monitorinq zamanı elmi nəticələrin nəşr və aprobasiya dərəcəsi də aydınlaşdırılacaqdır. Beynəlxalq tələblərə uyğun olaraq, layihələrin nəticələri üzrə dərc edilmiş məqalənin və ya hər hansı elmi əsərin sonunda elmi-tədqiqat işlərinin fondun qrantı tərəfindən dəstəklənməsi və qrantın nömrəsi haqqında məlumat verilir. EİF bir qayda olaraq məqalələrin inkişaf etmiş ölkələrdə nəşr olunan yüksək impakt faktorlu jurnallarda dərc edilməsinə üstünlük verir. Bu nəticələr qrant iddiaçılarının növbəti müsabiqələrdə iştirakı zamanı nəzərə alınacaqdır.
Monitorinqlər layihələr üzrə icra məsuliyyətinin artırılmasına, qrant layihələrinin müəlliflərinin öz işlərində daha diqqətli və peşəkar olmalarına yardım edəcəkdir. Monitorinq ölkədə elmin inkişafı üçün nəzərdə tutulmuş və fond tərəfindən ayrılmış vəsaitlərin öz təyinatı üzrə istifadəsinə nəzarəti təmin etməklə yanaşı, qrant maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsinə də kömək edəcəkdir.
Monitorinqin nəticələri fondun rəsmi internet səhifəsində işıqlandırılacaqdır.
Elmin İnkişafı Fondu həyata keçirilən qrant layihələri üzrə vaxtaşırı monitorinqlər keçirir və elmi ictimaiyyəti layihələrin gedişi ilə tanış edir.