CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə müharibə veteranlarına yeni mənzillərin və avtomobillərin açarları verilmişdir
Gəncə, 24 dekabr (AZƏRTAC). Azərbaycanda torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın ailə üzvləri, eləcə də bu yolda sağlamlıqlarını itirmiş insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, dekabrın 24-də Göygöl və Samux rayonlarında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun iştirakı ilə bu qəbildən olan insanlar üçün hər biri 36 mənzilli olmaqla iki yeni binanın istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilmişdir. Mərasimdə bu rayonlar üzrə 72 ailəyə yeni mənzillərin açarları təqdim edilmişdir.
Sonra mərasim Gəncə şəhərində davam etdirilmişdir. Burada 150 nəfər İkinci Dünya və Qarabağ müharibələri əlilinə “LİFAN” markalı yeni avtomobillərin təqdim olunması mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov çıxış edərək bu kateqoriyadan olan insanlara göstərilən qayğıdan danışmışlar.
Tədbirdə çıxış edən İkinci Dünya və Qarabağ müharibələri əlilləri onların problemlərini daim diqqət mərkəzində saxlayan, sağlamlıqlarının və həyat şəraitlərinin qayğısına qalan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra müharibə əlillərinə yeni avtomaşınların açarları təqdim edilmişdir.