ƏMƏKDAŞLIĞIN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 2-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Bavariya parlamentinin deputatları ilə görüşmüşdür.
Z.Əsgərov qonaqlara Milli Məclisin fəaliyyəti, qanunvericilik bazasının yaradılması prosedurları barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisdə iqtisadi, siyasi, mədəni, elm, təhsil, sosial, müdafiə və təhlükəsizlik məsələlərinə dair minlərlə qanun qəbul edilmişdir.
Milli Məclis Azərbaycan dövlətinin beynəlxalq əlaqələrinin genişlənməsində və xarici siyasətinin həyata keçirilməsində də mühüm rol oynayır. Milli Məclis NATO, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlar, eləcə də onların parlament assambleyaları ilə sıx əməkdaşlıq edir. Azərbaycan parlamentinin qəbul etdiyi bir neçə qanun dünya ölkələrində model qanun kimi istifadə olunur.
Z.Əsgərov Milli Məclis deputatlarının Almaniya Bundestaqının üzvləri ilə beynəlxalq tədbirlərdə sıx əməkdaşlıq etdiklərini bildirmiş, Bavariya deputatlarının da bu işə fəal qoşulmalarının vacibliyini vurğulamışdır.
Milli Məclis sədrinin birinci müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox insanın doğma yurd-yuvalarından didərgin düşdüyünü, 200 mindən artıq azərbaycanlının isə Ermənistandan deportasiya edildiyini diqqətə çatdırmışdır.
Bavariya parlamenti nümayəndə heyətinin başçısı Manfred Ax Azərbaycana səfərlərindən və aldıqları məlumatlardan məmnun qaldığını bildirmişdir. Azərbaycanın daha xoş gələcəyi olduğunu vurğulayan qonaq, Bavariyanın ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu qeyd etmişdir.
Daha sonra görüşdə Azərbaycanın Cənubi Qafqazdakı rolu, NATO-nun proqramlarında iştirakı, Bavariya iş adamlarının ölkəmizə investisiya qoymaq imkanları, qanunvericilik sahəsində təcrübə mübadiləsi və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
######
