Ənənədən modernizmə: Türk xalqlarının poeziyasında poetik düşüncənin təkamülü
AZƏRTAC türk xalqlarının folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan silsilə yazıları davam etdirir
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva türk xalqlarının poeziyasında poetik düşüncənin təkamülündən danışıb. O bildirib ki, türk xalqlarının poeziyasında ənənə və novatorluq ədəbi inkişafın əsas estetik kateqoriyalarıdır. Ənənə ortaq mifoloji təfəkkür, dastan yaradıcılığı, aşıq poeziyası və klassik divan ədəbiyyatı əsasında formalaşaraq türk xalqlarının dünyagörüşünü və estetik idealını nəsildən-nəslə ötürüb. Novatorluq isə bu poetik yaddaşın müasir ictimai-estetik tələblər kontekstində yenidən interpretasiyası kimi çıxış edir. XIX əsrin sonu – XX əsrin əvvəllərindən etibarən fərdi üslubun güclənməsi, yeni janrların yaranması və sərbəst şeirin formalaşması ənənəvi poetik strukturların yaradıcı yenilənməsinə səbəb olub.
Alimin fikrincə, bu prosesdə folklor motivləri və klassik obrazlar müasir poetik təfəkkürlə sintez olunaraq yeni semantik məna qazanıb. Onun sözlərinə görə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Türkiyə və Azərbaycan poeziyasında yeni ideya-bədii cəsarət formalaşıb, təsvirçilik tədricən insanın mənəvi aləmini əks etdirən poetik yanaşma ilə əvəz olunub. Azərbaycan poeziyasında ötən əsrin 20-ci illəri milli istiqlal və vətənpərvərlik ideyalarının güclü ifadəsi ilə seçilib, lakin sovet ideoloji siyasəti milli ruhlu poeziyanın yayılmasını məhdudlaşdırıb. Buna baxmayaraq, Abdulla Şaiq, Əhməd Cavad, Cəfər Cabbarlı və digər sənətkarların yaradıcılığında türkçülük və milli kimlik ideyaları mühüm yer tutub.
Özbək ədəbiyyatında da ənənə və novatorluğun milli-estetik xüsusiyyətlər zəminində inkişaf etdiyini deyən A.Şeydayeva bildirib ki, klassik dövrdə Əlişir Nəvai özbək ədəbi dili və poetik sisteminin formalaşmasında həlledici rol oynayıb: “XIX əsrin sonu – XX əsrin əvvəllərində cədidçilik hərəkatı novatorluq meyillərini gücləndirib, Məhəmməd Şərif So‘fizoda, Abdulla Avloni, Çolpon kimi sənətkarlar klassik formaları qoruyaraq yeni ictimai-siyasi mövzuları poeziyaya gətiriblər. Müstəqillik dövründə isə klassik irsə qayıdış və qlobal təsirlərin sintezi yeni poetik modellər yaradıb.
Alimin sözlərinə görə, Türkiyə poeziyasında ənənə və novatorluq arasında dialoq davamlı proses olub. Rəcaizadə Mahmud Əkrəm, Əbdülhəq Hamid Tarxan, Məhmət Akif Ərsoy, Yəhya Kamal, Nazim Hikmət, Orxan Vəli və digər sənətkarlar klassik irsi qorumaqla yanaşı, yeni forma və mövzular tətbiq ediblər. Xüsusilə sərbəst şeirin yayılması, dilin demokratikləşməsi və Avropa ədəbiyyatının təsiri poeziyanın inkişafına təkan verib. 1920-1960-cı illərdə Türkiyə poeziyası sosial dəyişikliklər fonunda formalaşıb, “Yeddi məşaləçilər” kimi ədəbi qruplar şeirdə yenilik ideyasını önə çəkiblər.
O əlavə edib ki, müasir dövrdə türk xalqlarının poeziyasında ənənə və novatorluğun harmoniyası davam edir. Ədəbi ənənə sabit model deyil, tarixi mərhələlərə uyğun yenilənən dinamik estetik sistemdir. Novatorluq isə bu dinamikanın hərəkətverici qüvvəsi kimi yeni poetik formaların, fərdi üslubların və ifadə vasitələrinin yaranmasını təmin edir. Qloballaşma və informasiya texnologiyalarının inkişafı klassik irsin postmodern interpretasiyasına, sərbəst şeir və hibrid janrların yayılmasına şərait yaradır.