SİYASƏT
Erməni silahlı birləşmələrinin bölmələri cəbhənin bir neçə istiqamətində atəşkəsi pozmuşlar
Bakı, 9 yanvar (AZƏRTAC). Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 8-də saat 15:55-dən 16:00-dək, 15:45-dən 15:55-dək və 19:20-dən 19:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 15:30-dan 15:35-dək, 23:00-dan 23:30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında, saat 15:30-dan 15:35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan ordusunun mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, erməni silahlı birləşmələrinin bölmələri həmin gün saat 10:00-dan 10:30-dək və yanvarın 9-da saat 01:10-dan 01:20-dək Tərtər rayonunun Nəmirli və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.