ELM VƏ TƏHSİL
Ermənilər Xocalı sakinlərinə milli mənsubiyyətlərinə görə divan tutublar
![Ermənilər Xocalı sakinlərinə milli mənsubiyyətlərinə görə divan tutublar](/files/2023/1/1200x630/1677316250688434759_1200x630.jpg)
Bakı, 25 fevral, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbirdə institutun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdikləri qanlı faciədən, düşmənin vəhşiliyindən danışıb. O qeyd edib ki, Xocalı soyqırımı bir müharibə cinayətindən daha artıq cinayətdir. Ermənilər Xocalı sakinlərinə milli-etnik mənsubiyyətlərinə, Azərbaycan türkü olduqlarına görə divan tutublar. Bu isə birmənalı şəkildə soyqırımıdır.
Mehman Həsənli vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının qisasını aldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu öz torpaqlarını düşmən işğalından qurtara bildi. Bununla Xocalıda şəhid edilən insanların ruhu da dinclik tapdı.
İcraçı direktor institutda Xocalı soyqırımının ədəbiyyatda təzahürü ilə bağlı aparılan tədqiqat işlərindən, yazılan dissertasiya və monoqrafiyalardan da danışıb. O, institutun əməkdaşları Elçin Mehrəliyev, Rahid Xəlilov, Elnarə Akimova, Vüqar Əhməd, Mərziyyə Nəcəfova, Fəridə Hicran və digər alimlərin fəaliyyətini xüsusi qeyd edib.
Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya elmləri doktoru Mərziyyə Nəcəfova “Azərbaycan ədəbiyyatında Xocalı mövzusu” mövzusunda məruzə ilə çıxış edib. O, Xocalı soyqırımının Azərbaycan ədəbiyyatında həssas bir mövzu olduğunu və XX əsrin sonlarında Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Qabil və başqa şairlərin bu mövzuya müraciət etdiyini vurğulayıb. Məruzəçi 44 günlük Vətən müharibəsinin qalibiyyətlə sona çatmasından sonra bu mövzuya baxışın da bir qədər dəyişdiyini nəzərə çatdırıb. O qeyd edib ki, əgər 1990-cı illərdə Xocalı mövzusunda qələmə alınan nəsr və nəzm əsərlərində bir məyusluq, bədbinlik əhval-ruhiyyəsi sezilirdisə, bu gün müasir ədəbiyyatımızda bu mövzuda yazılan bədii əsərlərdə qalibiyyət ruhu duyulur.