ERMƏNİSTAN AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏ QANUNSUZ MƏSKUNLAŞDIRMA PROSESİNİ DAYANDIRMALIDIR
“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Nadir Abdullayev erməni quldurlarının əsrlər boyu xalqımızın başına gətirdikləri müsibətlərdən danışmışdır. Bildirmişdir ki, qonşu dövlətlərin, xüsusilə Azərbaycan və Türkiyənin torpaqları hesabına öz ərazisini genişləndirmək məqsədi güdən Ermənistan XX əsrin sonlarından etibarən Azərbaycana qarşı yeni təcavüzə başlamışdır. Bu elan olunmamış müharibə nəticəsində 20 faiz ərazimiz işğal edilmiş, minlərlə vətəndaşımız həlak olmuş, əsir düşmüş, yaşayış məntəqələri viran qoyulmuş, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edilmişdir.
N.Abdullayev vurğulamışdır ki, Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal etdikdən sonra Ermənistan xüsusi plan əsasında dövlət səviyyəsində Azərbaycanın işğal olunmuş ərazilərində erməniləri qanunsuz məskunlaşdırmaqla məşğuldur.
Natiq demişdir ki, son illərdə məskunlaşdırma prosesi işğal olunmuş Şuşa, Laçın və Kəlbəcərə yönəldilmiş, həmçinin Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarının hər birində 200-dən 2000-dək erməni məskunlaşdırılmışdır .
Dəyirmi masada Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov və başqaları çıxış edərək vurğulamışlar ki, xalqımızın mədəniyyətinə, tarixinə, musiqisinə göz dikən ermənilər işğal olunmuş ərazilərdə yüzlərlə tarixi, mədəniyyət, memarlıq abidələrini, sənaye, kənd təsərrüfatı, tikinti obyektlərini dağıtmış, ölkəmizin iqtisadiyyatına və vətəndaşların mülkiyyətinə ölçüyəgəlməz ziyan vurmuşlar.
Tədbirin sonunda Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına və ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrin başçılarına Ermənistanın qanunsuz məskunlaşdırma prosesinin qarşısını almağa yönəlmiş müraciət qəbul edilmişdir.