DÜNYA
Ermənistanda prezident seçkilərinin vaxtı məlum olub
Tbilisi, 3 fevral, AZƏRTAC
Ermənistanda prezident seçkilərinin vaxtı məlum olub. Seçkilər bu ilin martında keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Baş nazir hakimiyyətin namizədi, yüksək texnologiyalar sənayesi naziri Vaaq Xaçatryana müraciətində deyib: “Ümidvaram ki, mart ayında keçiriləcək seçkilərədək yüksək texnologiyalar sənayesi naziri vəzifəsini icra edəcək və bu dövr ərzində səmərəli fəaliyyət göstərəcəyik”.
N.Paşinyanın sözlərinə görə, V.Xaçatryanın namizədliyi parlamentin 65 deputatı tərəfindən irəli sürülüb.
Məlumat üçün qeyd edək ki, Ermənistanın sabiq prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib.
Fevralın 1-dən etibarən Ermənistan prezidenti vəzifəsini parlamentin spikeri Alen Simonyan icra edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi