ERMƏNİSTANIN YENİ HÖKUMƏTİ BAŞA DÜŞMƏLİDİR Kİ, CƏNUBİ QAFQAZDA DÖRDÜNCÜ DÖVLƏTƏ YER YOXDUR
Ermənistanın yeni rəhbərliyi fəaliyyətə köhnə hökumətin səhvlərini təkrarlamaqla başlamışdır. Bir daha Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səhv və yersiz bəyanatlar verilmişdir. Ermənistanın yeni xarici işlər naziri Eduard Nalbandyanın ilk səfərini işğal olunmuş Dağlıq Qarabağ ərazisinə etməsi və Qarabağı da danışıqlar prosesində tərəf kimi görməsi artıq onun qeyri-konstruktivliyindən xəbər verir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim Ermənistanın yeni xarici işlər naziri Eduard Nalbandyanın son bəyanatlarını şərh edərkən demişdir.
Bakı Ermənistanın yeni rəhbərliyinin Dağlıq Qarabağa dair əvvəlki mövqeyi tutmasından təəssüflənir. Ermənistanın yeni hökuməti başa düşməlidir ki, Cənubi Qafqazda cəmi üç dövlət var və dördüncüyə burada yer yoxdur.
XİN-in sözçüsü bildirmişdir ki, bu cür yersiz bəyanatlar Ermənistan əhalisini çaşdırmaq üçün isteriyanın açıq əlaməti olsa da, anlaşılmazlıqları aradan qaldırmaq üçün aydın cavab və açıqlama tələb edir. Danışıqlar Azərbaycanın işğal olunmuş bütün ərazilərində suverenliyin tam bərpasını və Ermənistan dövləti tərəfindən etnik təmizləməyə məruz qalmış məcburi köçkün əhalinin öz torpaqlarına, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qayıtmasını aydın əks etdirən mövqe üzərində qurulmuşdur. Azərbaycan öz ərazi bütövlüyünü müzakirə etmir və heç zaman etməyəcəkdir. Dağlıq Qarabağın statusu yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşəcəkdir.
Eyni zamanda, Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlardan istifadəyə hər zaman öz xoş niyyətini nümayiş etdirmişdir. Biz münaqişənin sülh yolu ilə həlli üçün diplomatik yolların tükəndiyinə inanmırıq.
Əksinə, Ermənistan davam edən hərbi təcavüzü ilə dəyişməyən zor tətbiqi siyasətini nümayiş etdirir. Bu, dözülməzdir. BMT Əsasnaməsinin 51-ci maddəsinin silahlı təcavüz zamanı özünümüdafiəyə tam haqq verməsinə baxmayaraq, paradoks bir vəziyyət yaranıb ki, təcavüzkar dövlət olan Ermənistanın ümumi daxili məhsulunda (ÜDM) hərbi xərclərin payı (4,3 faiz), təcavüzün qurbanı Azərbaycanın hərbi xərcləri (3,8 faiz) ilə müqayisədə daha yüksəkdir. Bundan başqa, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçıları tam hərbiləşdirmişdir.
Dövlətlər və beynəlxalq təşkilatlar səviyyəsində qəbul olunmuş qətnamələr, qərarlar və bəyanatlar vasitəsilə Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyan beynəlxalq ictimaiyyətin mövqeyini Azərbaycan yüksək dəyərləndirir və biz tam inanırıq ki, Ermənistan rəsmilərinin təbliğatı Ermənistan hökumətinin əsl niyyətləri haqqında növbəti həyəcan siqnalı olacaqdır.