İQTİSADİYYAT
Əsas kapitalın 67,0 faizi qeyri-dövlət sektorunun payına düşüb
Bakı, 19 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13 milyard 9,1 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi sərmayənin 33,0 faizi dövlət, 67,0 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 72,6 faizi tikinti-quraşdırma işlərinə sərf olunub.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 41,0 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 8 milyard 936,6 milyon manat, bank kreditləri 1 milyard 374,6 milyon manat, büdcə vəsaitləri 1 milyard 809,4 milyon manat, büdcədənkənar fondların vəsaitləri 138,5 milyon manat, əhalinin şəxsi vəsaitləri 473,9 milyon manat, digər vəsaitlər 276,1 milyon manat təşkil edib.