DÜNYA
Əsası Dubay Əmirinin barmağının izi formasında olan qüllə ucaldılacaq
Dubay, 1 fevral, AZƏRTAC
Dubayda 550 metr hündürlüyündə yeni “Burj Jumeira” qülləsi ucaldılacaq. Onun əsası Dubay Əmiri, BƏƏ-nin vitse-prezidenti və Baş naziri Şeyx Məhəmməd Rəşid Əl Məktumun barmağının izi formasında olacaq.
AZƏRTAC xəbər verir ki, “Dubai Holding” yeni qüllənin tikintisini anons edib. Qüllə məşhur “Burj Al Arab” otelinin yanında
ucaldılacaq və Əmirliyin növbəti görməli məkanı olacaq. “Burj Jumeira” Əmirliyin Dubayı gələcəyin şəhərinə çevirmək planlarının təcəssümü olan layihənin bir hissəsidir. Dubay Əmiri layihənin işə salınması mərasimində onu “Downtown Jumeira” adlandırıb.
“Burj Jumeira” qülləsi “Al Sufouh” rayonunda yerləşəcək. Göydələnin tikintisinin birinci mərhələsi 2023-cü ildə başa çatmalıdır. Mərkəzin dizaynı səhrada vahələrlə əhatə olunmuş qum təpələrini xatırladacaq. Onun fasadı rəqəmsal displeylərlə örtüləcək. Onlardan müxtəlif hadisələr və təntənəli günlər üçün istifadə etmək olar. Qüllənin əsası Dubay Əmiri Şeyx Məhəmməd Rəşid Əl Məktumun barmağının izi formasında yerinə yetiriləcək. Müxtəlif ictimai və mədəni tədbirlər üçün nəzərdə tutulan bu hissədə fəvvarələr, terraslı açıq amfiteatr, istər Dubay sakinlərini, istərsə də şəhərin çoxsaylı qonaqlarını cəlb edəcək digər obyektlər yerləşəcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay