MƏDƏNİYYƏT
“Eurovision-2012” mahnı müsabiqəsi “Baku Crystall Hall”da keçiriləcəkdir
Bakı, 25 yanvar (AZƏRTAC). Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi məkan rəsmən təsdiqlənmişdir.
“Eurovision-2012” mahnı müsabiqəsinin işçi qrupundan AZƏRTAC-a bildirmişlər ki, 57-ci “Eurovision” mahnı müsabiqəsi Bakıdakı Dövlət Bayrağı Meydanında sürətlə inşa olunan “Baku Crystall Hall”da keçiriləcəkdir.
Bu barədə qərar yanvarın 25-də “Eurovision” mahnı müsabiqəsi Məşvərət Qrupunun iclasında qəbul edilmişdir.
Müsabiqənin keçirilməsi üçün 3 məkan təklf olunurdu. Bunlar Tofiq Bəhramov adına Respublika stadionu, Heydər Əliyev adına İdman-Konsert Kompleksi və “Baku Crystall Hall” idi.
“Eurovision” mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand bu qərar barədə fikirlərini bölüşərək demişdir: “Biz çox həyəcanlıyıq. “Eurovision-2012” yeni konsert zalında keçiriləcəkdir. Bu, çox mühüm bir hadisədir”.
Avropa Yayımları Birliyinin nümayəndələri yanvarın 25-də müsabiqənin keçiriləcəyi “Baku Crystall Hall”da olmuşlar. Nümayəndələr burada aparılan tikinti işləri ilə yaxından tanış olmuş və layihəni icra edən tikinti şirkətinin rəhbərləri ilə görüşmüşlər. Avropa Yayımları Birliyinin təmsilçiləri bu zalın ən yüksək standartlara cavab verdiyini bir daha bəyan etmişlər.