MƏDƏNİYYƏT
“Eurovision-2012” müsabiqəsi Azərbaycan milli seçim turunun altıncı yarımfinalçısı müəyyənləşmişdir
Bakı, 9 yanvar (AZƏRTAC). İctimai Televiziya və Radio Yayımları Şirkətində Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edəcək iştirakçının seçilməsi üçün keçirilən milli seçim turunun altıncı yarımfinalçısı məlum olmuşdur.
AZƏRTAC xəbər verir ki, telekanalın canlı efirində Azərbaycanı 2012-ci ildə bu mötəbər yarışmada təmsil etmək üçün növbəti 8 iştirakçı 5 gün ərzində yarışmışdır. Tamaşaçıların və münsiflər heyətinin birgə səsverməsi ilə Adil Baxışlı həftənin birincisi seçilmişdir.
İştirakçılar milli seçim mərhələsində səs imkanları və səhnə qabiliyyətlərini nümayiş etdirmişlər. Seçim qaydaları ötən il olduğu kimi aparılır. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların və münsiflər heyətinin birgə səsverməsi nəticəsində müəyyən olunur. Daha 2 həftə ərzində iştirakçılar yarımfinal mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.
Ötən həftələrin qalibləri Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Elton İbrahimov, Fəqan Səfərovdur. Final mərhələsində isə milli seçim turlarının birincisi olan 8 iştirakçı yarışacaq və qələbə qazanan ifaçı Bakıda keçiriləcək “Eurovision- 2012” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcəkdir.