CƏMİYYƏT
Fəaliyyəti qanunla dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru tərəfindən KİV-də yayımlanmış video materialda əks olunan məlumatlarla bağlı cinayət işi başlanılmışdır
Bakı, 28 sentyabr (AZƏRTAC). Fəaliyyəti qanunla dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı sentyabrın 25-də kütləvi informasiya vasitələrində yayımlanmış video materialda əks olunan məlumatlar Bakı Şəhər Prokurorluğunda araşdırılmışdır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qeyd olunan audio və video yazılarda dələduzluğun, yəni etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə məhkəmə-portret, video və audio yazıların kriminalistik ekspertizaları təyin edilmiş, müvafiq orqanlara tapşırıqlar göndərilmiş, zəruri sorğular və əməliyyat tapşırıqları verilmişdir. Hazırda iş üzrə dindirmələr və digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.
İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.