DÜNYA
Srebrenitsa soyqırımının şahidləri BMT-nin qətnaməsini alqışlayırlar
![Srebrenitsa soyqırımının şahidləri BMT-nin qətnaməsini alqışlayırlar](/files/2024/2/1200x630/1716607611721818591_1200x630.jpg)
Sarayevo, 25 may, AZƏRTAC
Srebrenitsa soyqırımı şahidləri BMT Baş Assambleyasının iyulun 11-ni Srebrenitsa Soyqırımını Anım Günü kimi qəbul etməsini alqışlayıblar.
AZƏRTAC xəbər verir ki, BMT-nin bu qərarı Bosniya və Herseqovinada sevinclə qarşılanıb. Paytaxt Sarayevoda toplaşan bosniyalılar burada quraşdırılan nəhəng ekranda BMT Baş Assambleyasının iclasını canlı izləyib, qətnamə layihəsinin qəbul edilməsini alqışlayıblar. Bu qərarın Bosniya və Herseqovina üçün tarixi bir əhəmiyyət daşıdığı vurğulanıb.
Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç qətnaməni qurbanlar üçün qismən ədalət kimi qiymətləndirib.
“Gələcək illərdə dünyanın digər ölkələrində olduğu kimi, 11 iyul BMT-nin Baş Assambleyasında da qeyd olunacaq. Uşaqlar bunu məktəblərdə öyrənəcəklər. Srebrenitsadakı soyqırımı haqqında məlumatlılığın artırılması planetin sivil hissəsi üçün vacibdir”, - deyə diplomat bildirib.
Srebrenitsa Anaları Birliyinin sədri Nura Beqoviç isə deyib: “Nəhayət şüurlu dünyaya təşəkkür etmək istəyirəm. Onlar bunun qarşısını həmin vaxt da ala bilərdilər və bu gün sevdiklərimizlə birgə olardıq. Biz səsverməni alqışlamaq və dünyaya bildirmək istəyirik ki, siz ədalət və həqiqəti belə axtarırsınız”.
Xatırladaq ki, mayın 23-də BMT Baş Assambleyası Bosniya və Herseqovinada müharibə zamanı 1995-ci ildə bosniyalı əhaliyə qarşı törədilmiş Srebrenitsa soyqırımı ilə bağlı qətnamə layihəsini qəbul edib və iyulun 11-ni Srebrenitsa Soyqırımını Anım Günü kimi qəbul olunub.
1995-ci ilin iyulunda Srebrenitsa şəhərində və ətraf bölgələrdə bir neçə gün ərzində törədilən soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Mülki insanlar, xüsusilə də qadınlar və uşaqlar serb millətçiləri tərəfindən vəhşicəsinə öldürülüb, hadisə qurbanları kütləvi məzarlıqlarda basdırılıb. Potoçari Memorial Qəbiristanlığında indiyədək 6751 nəfər dəfn edilib. Soyqırımı qurbanlarının 1600-dən çoxunun cəsədi hələ də tapılmayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo