SİYASƏT
Nəsimi rayonunda 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Nəsimi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra 28 May – Müstəqillik gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının qeyd olunması və 1918-1920-ci illərdə qazanılmış uğurların dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan müstəqil Azərbaycan dövlətinin sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan edib.
Çıxış edənlər 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətini Şərqdə ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi adlandırıblar.
1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan edib və dövlət müstəqilliyimiz bərpa olunub.
Qeyd olunub ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti nəhəng işlər görüb, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub.
Bildirilib ki, 6 il əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənə ilə qeyd olunub.