“Femida Könüllüləri” Təşkilatının yaranmasından 2 il ötür
Bakı, 2 sentyabr, AZƏRTAC
“Femida Könüllüləri” Təşkilatının yaranmasının 2 ili tamam olub.
Təşkilatdan AZƏRTAC-a verilən məlumata görə, “Femida Könüllüləri” platforması ötən 2 il ərzində ümumilikdə 1200-dən çox, sayca cəmiyyətdə azlıq təşkil edən, rəqabətədavamlı qrupa məxsus olan, müxtəlif təhsil müəssisələrində hüquqşünaslıq ixtisası üzrə təhsil alan və ya bu ixtisas üzrə məzun olmuş hüquqşünas gəncləri bir araya gətirib.
Gənclərin müasir əmək bazarının tələblərinə uyğun, peşəkar hüquqşünaslar kimi inkişaf etmələri üçün onların bilik və bacarıqlarının artırılmasına yönəlmiş 20-dən çox müxtəlif layihə həyata keçirib.
Təşkilat gənclərin hüquqi savadlılığının artırılması və peşəkar inkişafına töhfə vermək, eləcə də onların uğur yolunda ilk addımlarına dəstək olmaq üçün çalışıb.
Bundan əlavə, gələcəyin hüquqşünasları olan gənclərlə birlikdə cəmiyyətin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi istiqamətində 50 mindən çox vətəndaşı əhatə edən çoxsaylı layihələr təşkil edib.
Bu 2 il “Femida Könüllüləri” Təşkilatı üçün yolun, sadəcə, başlanğıcı olub.
“Femida Könüllüləri” Təşkilatı bundan sonrakı fəaliyyətində də əsas məqsəd kimi, ölkədə hüquqşünas gənclərin peşəkar inkişafına, cəmiyyətin hüquqi cəhətdən daha da maarifləndirilməsinə, vətənpərvər, dövlətinə bağlı, konstruktiv düşüncəli və qlobal hüquq mexanizmlərini operativ təhlil edib, tətbiq edə bilən gənc hüquqşünaslar şəbəkəsinin formalaşdırılmasını qarşısına məqsəd qoyub.
Təşkilat yaranmasına və fəaliyyətində ona daim dəstək olan Azərbaycan Respublikasının Ali Məhkəməsinə, eləcə də bütün dövlət və qeyri-dövlət qurumlarına, mediaya, eləcə də digər gənclər və könüllü təşkilatlarına təşəkkürünü bildirib.