ELM VƏ TƏHSİL
Fərhad Cabbarov: Bakının azad edilməsi Cümhuriyyətin mövcud olması üçün vacib amil idi

Bakı, 15 sentyabr, AZƏRTAC
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi Azərbaycan dövlətçiliyi tarixində mühüm hadisədir və Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olması üçün vacib amil idi.
Bu fikri AZƏRTAC-a müsahibəsində Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Fərhad Cabbarov deyib. Alim qeyd edib ki, 1918-ci ildə yenicə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qarşısında duran başlıca vəzifə - Bakını düşmənlərdən azad etmək idi. Bakıda hakimiyyəti ələ keçirmiş bolşevik Xalq Komissarları Soveti, daha sonra isə “Sentrokaspi Diktaturası” hökuməti və onlara qoşulmuş erməni daşnakları hər vəchlə şəhəri əldə saxlamağa çalışır, milli hökumətə qarşı hərbi yürüşə başlamışdılar. Beynəlxalq vəziyyət də əlverişli deyildi – bolşevik Rusiyası, Böyük Britaniya, Almaniya Bakıda Cümhuriyyət hakimiyyətinin bərqərar olmasına mane olurdular. Belə bir mürəkkəb şəraitdə milli hökumət qətiyyət göstərərək, Bakını yad qüvvədən azad etmək yolundan dönməyəcəyini nümayiş etdirdi. Bu yolda Azərbaycanın yanında olan yeganə dövlət Osmanlı Türkiyəsi idi. Qafqaz İslam Ordusunun zabit və əsgərləri hərb meydanında misilsiz şücaət göstərərək cəbhəboyu əks-hücuma keçib düşmənləri darmadağın etdilər. Bakı qurtuldu və azad olundu.
“Sentyabrın 15-i Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bir daha göstərdi. Azərbaycan-Türkiyə qardaşlığı əbədidir. Bu qardaşlıq nümunəsi 44 günlük Vətən müharibəsi zamanı bir daha nümayiş etdirildi. Müharibə dövründə olduğu kimi, bu gün də Türkiyə Azərbaycanın haqq işinə siyasi-mənəvi dəstək verir. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkənin daim bir-birinin yanında olduğunu göstərdi”, - deyə F.Cabbarov bildirib.