FHN Akademiyasında “Alyans” Xüsusi Xidmət Veteranlar Birliyinin nümayəndələri ilə görüş
Bakı, 23 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının akt zalında “Alyans” Xüsusi Xidmət Birliyinin təşəbbüsü ilə vətənpərvərlik mövzusunda “Vətən saatı” adlı tədbir keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan Akademiyanın rəisi, general-mayor Baba Salayev ümummilli lider Heydər Əliyevin təlqin etdiyi vətənpərvərlik düşüncəsinin, yaratdığı nümunənin hər birimiz üçün mükəmməl azərbaycançılıq məktəbi, Vətənə sədaqət dərsi olduğunu deyib. Vurğulanıb ki, “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” - deyən Ulu Öndər öz mənəvi irsi ilə insanın Vətəninə sevgisinin həm də onun mənəviyyat göstəricisi olduğunu aşılayır. Akademiyanın rəisi qeyd edib ki, hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzi, intellektual səviyyəsi, milli ruhu əsasında formalaşır. Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti nəticəsində azərbaycançılıq və vətənpərvərlik ideyalarına söykənərək, dövlətimizin daha da qüdrətlənməsinə öz töhfəsini verir.
Görüşdə “Alyans” Xüsusi Xidmət Veteranları Birliyinin üzvləri - fəxri üzv, yazıçı, publisist, tərcüməçi Azər Hacıbəyli, İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı, “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri, Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun bacısı Naibə Behbudova, şair-publisist, ehtiyatda olan polkovnik Hamlet İsmayılov çıxış ediblər. Çıxışlarda ordu quruculuğundan, veteranlara göstərilən diqqət və qayğıdan, gənclər siyasətindən söz açılıb.