CƏMİYYƏT
FHN-in Akademiyasında Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib
![](/files/galleryphoto/2022/1/1200x630/16437193502228833971_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16437193516204310780_1200x630.jpg)
Bakı, 1 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə, Akademiyanın rəisi general-mayor Baba Salayev gəncləri bayram günü münasibətilə təbrik edib. O qeyd edib ki, Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il fevralın 2-də ilk dəfə dövlətimizdə Gənclər Forumunun keçirilməsi və daha sonra ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi bunun bariz nümunəsidir.
Akademiyanın rəisi çıxışına davam edərək deyib ki, əsası dahi şəxsiyyət Heydər Əliyevin qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclərin hərtərəfli inkişafı üçün mühüm addımlar atılır. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin inkişafına şərait yaratmaqla yanaşı, onların vətənpərvər ruhda formalaşmasında da həlledici rol oynayır. Qırx dörd günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarla, rəşadətlə tarixdə silinməz iz qoyan bugünkü gənclərimiz, əminik ki, gələcək nəsillər üçün də nümunə olacaq.
Akademiyanın kursantı Cavid İbrahimov tədbir iştirakçılarını təbrik edərək əlamətdar günün əhəmiyyətindən, dövlətin daha da güclənməsində cəmiyyətin fəal təbəqəsi olan gənclərin böyük rol oynamasından bəhs edib.
Tədbir Akademiyanın xalq çalğı alətləri ansamblının konsert proqramından ibarət olan bədii hissə ilə yekunlaşdırılıb.