DÜNYA
Filippin Prezidenti İndoneziyaya səfər edəcək
![Filippin Prezidenti İndoneziyaya səfər edəcək](/files/2022/3/1200x630/16620930825492043284_1200x630.jpg)
Tokio, 2 sentyabr, AZƏRTAC
ASEAN ölkələri arasında formalaşmış ənənəyə uyğun olaraq Filippin Prezidenti Ferdinand Markos İndoneziya Prezidenti Coko Vidodonun dəvəti ilə sentyabrın 4-5-də Cakartaya səfər edəcək. Bu, Filippinin yeni liderinin iyunun sonlarında vəzifəsinin icrasına başladıqdan sonra ilk xarici səfəri olacaq.
AZƏRTAC Filippinin Xarici İşlər Nazirliyinin yaydığı mətbuat məlumatına istinadla xəbər verir ki, səfər zamanı iki ölkə liderinin əsasən regionla bağlı məsələləri müzakirə edəcəyi və müxtəlif sahələr, o cümlədən müdafiə, dəniz məsələləri və iqtisadi tərəfdaşlıq üzrə fikir mübadiləsi aparacağı gözlənilir. Həmçinin tərəflər arasında bir sıra mühüm sənədlərin, o cümlədən yaxın beş il ərzində ikitərəfli fəaliyyətlə bağlı planın imzalanacağı qeyd edilir.
Bununla yanaşı, Filippin Prezidentinin yerli sahibkarlarla görüşdə ticarət və investisiya qoyuluşu ilə bağlı müzakirələr aparacağı bildirilir. İndoneziyanın Filippin icması ilə görüşdə isə, diasporun problemlərinə toxunulacağı gözlənilir.
Cakarta səfərindən sonra Filippin Prezidentinin Malayziya və Sinqapuru ziyarət edəcəyi, bu ölkələrdə də terrorizmlə mübarizə və məxfi məlumatların qorunması barədə sənədlərin imzalanacağı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio