ELM VƏ TƏHSİL
Fizika üzrə Nobel mükafatı laureatı AMEA-nın Fizika İnstitutunda olmuşdur
Bakı, 31 oktyabr (AZƏRTAC). Bu gün -oktyabrın 31-də Bakıda rəsmi açılışı olmuş III Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizə gəlmiş tanınmış alman fiziki, Nobel mükafatı laureatı, Maks Plank adına Ştutqart Elmi-Tədqiqat İnstitutunun professoru Klaus fon Klitsinq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda olmuşdur.
Elmin İnkişafı Fondundan AZƏRTAC-a bildirmişlər ki, görüşdə bu fondun keçirdiyi qrant müsabiqələri çərçivəsində Fizika İnstitutunda reallaşdırılan iki pilot layihəsi üzrə yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturlarının, nanotexnologiyalar sahəsində dünyanın elmi cihazlar istehsal edən qabaqcıl şirkətlərinin ən modern cihaz, qurğu və avadanlığının alınaraq bu elm müəssisəsində quraşdırılması, ABŞ-da, Yaponiyada kadrların ixtisaslarının artırılması, institutun qısa vaxtda müasir tələblərə cavab verən ən müasir cihazlarla təchiz olunması barədə qonağa ətraflı məlumat verilmişdir.
Professor Klaus fon Klitsinq görülən işlərin səviyyəsini və perspektivini yüksək qiymətləndirmiş, bu istiqamətdə fikir və mülahizələrini bildirmiş, tövsiyələrini vermişdir.