Florida ştatının yeni qanunu müəllimlərin dərsə silahla getməsinə icazə verəcək
Vaşinqton, 3 may, AZƏRTAC
Parklenddəki (Florida ştatı) Marcori Stounman Duqlas adına məktəbdə 17 nəfərin həlak olması ilə nəticələnmiş atışmadan sonra ştatın Nümayəndələr Palatasında başlanmış müzakirələrin sonunda məktəb müəllimlərinin dərsə gedərkən özləri ilə silah götürməsinə icazə verən qanun layihəsi qəbul edilib.
AZƏRTAC xəbər verir ki, konqresmenlərdən 65-i bu qanunun lehinə, 47-si əleyhinə səs verib. Ştatın Senatında isə 22 səs “lehinə”, 17 səs “əleyhinə” olmaqla qanun layihəsi qəbul edilib. Bundan sonra qanun layihəsini ştatın qubernatoru Ron Desantis imzalamalıdır. Qubernator bu layihəni dəstəklədiyini bildirib. Müəllimlərin məktəbə silahla gələ bilmələri üçün əvvəlcə onlar “Keşik” adlanan proqramda iştirak etməyə razılıq verməlidirlər. Bu proqram müəllimlərə və tədris müəssisəsinin digər işçilərinə psixoloji test keçmək və şerifin yerli ofisində odlu silahdan istifadə qaydalarını öyrənmək imkanı verir.
Lakin məktəb dairələrinin heç də hamısı bu proqramı dəstəkləmir. Ştatın ən iri şəhəri olan Mayaminin yerləşdiyi Mayami-Deyd məktəb dairəsi bu məsələdə peşəkarların, yəni polisin və özəl təhlükəsizlik xidmətlərinin imkanlarından istifadə etməyə üstünlük verir. Keçən il noyabr ayında yerli sakinlər məktəblərdə çoxsaylı zabitlərin işləməsinin maliyyələşdirilməsi üçün mülkiyyət vergisinin artırılmasını dəstəkləyiblər.
Məktəb dairəsinin rəhbəri Alberto M.Kalvaryu bildirib ki, Mayami-Deyd sakinlərinin fikrincə, təhlükəsizliyi hüquq-mühafizə orqanları təmin etməlidir, məktəblərdə odlu silahı yalnız onlar gəzdirə bilərlər, müəllimlər isə əsas diqqəti şagirdlərin öyrədilməsi üzərində cəmləşdirməlidirlər.
Qeyd edək ki, “Keşik” proqramı keçən il Marcori Stounman Duqlas adına məktəbdə atışmadan sonra yaradılıb. Bu proqrama əsasən tədris müəssisələrinin işçilərinin silah gəzdirməsinə imkan verilir, lakin kompromis variant kimi yalnız müəllimlik vəzifələrini yerinə yetirən pedaqoqlar bu siyahıdan çıxarılıb. Yeni qanun layihəsinə görə bu istisna ləğv ediləcək və bütün müəllimlərin silah gəzdirməsinə icazə veriləcək.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton