CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
![](/files/galleryphoto/2022/2/1200x630/165252753874175586_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/165252753814605028_1200x630.jpg)
Bakı, 14 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonunun Sayad kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayon Eyvazlı kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən “Aztelekom” MMC-nin Biləsuvar filialında, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər Narkoloji Dispanserində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri təhlükəsizlik tədbirləri barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in - 112 - qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Qeyd edək ki, slaydların müşayiəti ilə edilən təqdimatlar zamanı mövzulara dair videoçarxlar da nümayiş olunub.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.