Fransa elmi tədqiqat işləri sahəsində Azərbaycan ilə əlaqələri davam etdirir
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı bu ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uper ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Fransa-Azərbaycan münasibətlərinin tarixi haqqında danışan Mustafa Babanlı Fransa ilə təhsil sahəsində əlaqələrin inkişafından, UFAZ layihəsinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində rolundan bəhs edib.
UFAZ-a qəbul, ali təhsil ocağındakı tədris prosesi və ixtisaslar barədə qonaqlara geniş məlumat verən rektor Strasburq və Ren1 universitetləri ilə əlaqələrin inkişafının, texniki ali təhsil sahəsində Avropanın qabaqcıl ölkəsi kimi Fransa ilə təcrübələrin paylaşılmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Ölkəsinin fundamental araşdırmalar üzrə dünya miqyasında tanındığını deyən A.Uper Fransanın təhsil və digər elmi tədqiqat işləri sahəsində Azərbaycan ilə əlaqələrini davam etdirdiyini bildirib. Fransalı senator neft ölkəsi kimi tanınan Azərbaycanın neftlə yanaşı, təhsil və digər sahələrdə də potensialının inkişaf etdirilməsinin və bu sahədə Fransa ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.