SİYASƏT
Fransa mətbuatında bu ölkənin və Azərbaycanın regionları arasında dostluq əlaqələrindən bəhs edən məqalə dərc olunub
“Respublikaçı Yon” qəzetində dərc olunan “Şabli Göygöl ilə dostluğu möhkəmləndirir” sərlövhəli məqalə deyilənlərə əyani sübutdur.
Məqalədə Fransanın Şabli və Azərbaycanın Göygöl regionları arasında dostluğa dair sənədin imzalanmasının Yon əyaləti ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrini gücləndirdiyi xüsusi diqqətə çatdırılıb.
Yazının müəllifi xanım Miryəm Lebre Şablinin meri Patrik Jandro və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovun imzaladıqları dostluq və əməkdaşlıq haqqında xartiyanı üzümçülüklə məşğul olan hər iki regionun həyatında mühüm hadisə kimi dəyərləndirib. Bu sənədin Fransa ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını qeyd edib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirib ki, son illər bu istiqamətdə aparılan işlər öz müsbət nəticəsini verib və münasibətlərimizdə yeni səhifə açıb.
Yon regionu Ali Şurasının sədri Andre Vilye də bu cür müqavilələrin mühüm əhəmiyyətini qeyd edib.
Məqalədə senatorlar Andre Vilye və Natali Qulenin ölkəmizə səfərləri, onların Fransa ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində gördükləri işlər barədə məlumat verilib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris