DÜNYA
Fransa Milli Assambleyasının qəbul etdiyi qanun ölkədə böyük narazılıq doğurmuşdur
Paris, 25 dekabr ( AZƏRTAC ). Fransanın aşağı palatası - Milli Assambleyanın qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza tətbiq edilməsi ilə bağlı qəbul etdiyi qanun ölkədə heç də birmənalı qarşılanmamış və hadisələri düzgün qiymətləndirən sağlam düşüncəli insanların, bəzi kütləvi informasiya vasitələrinin ciddi narazılığına səbəb olmuşdur.
Milli Assambleya tərəfindən qəbul edilən qanuna münasibət bildirən keçmiş Baş nazir Dominik de Vilpən Fransanın heç kimə dərs verməyə haqqı olmadığını qeyd etmiş, hər hansı qanunun yaddaşlara deyil, tarixə əsaslanaraq qəbul olunmasının vacibliyini vurğulamışdır.
Keçmiş ədliyyə naziri Robert Badinter Milli Assambleyanın qərarının Fransa Konstitusiyasına tamamilə zidd olduğunu, qanunun 2012-ci ildə ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı qəbul olunduğunu bəyan etmişdir.
R. Badinter bildirmişdir ki, tarix barədə nə isə demək parlamentin işi deyil, xüsusilə də məkanca Fransadan çox uzaq olan bir ölkədə. Bir əsr bundan əvvəl baş verən və hələ də tam aydın olmayan hadisə ilə bağlı düzgün olmayan qərarın çıxarılması, 1789-cu ildə insan haqları barədə qanun qəbul etmiş Fransaya heç də başucalığı gətirmir, əksinə dünyada onun nüfuzuna xələl gətirir. “Soyqırımı” məsələsi tarixçilərin öhdəsinə buraxılmalıdır. Yalnız onların araşdırmalarından sonra son ümumi nəticə haqqında fikir söyləmək mümkündür.
Fransa ictimaiyyətinin nümayəndələri ermənipərəst deputatların təzyiqi ilə Milli Assambleyada qəbul edilmiş qanunun doğuracağı təzahürlərdən, Türkiyə kimi bir ölkə ilə əlaqələrə ciddi ziyan vurulacağından narahatlıqlarını ifadə etməyə başlamış və bu qanunun Senatda müzakirəyə çıxarılmayacağına ümidvar olduqlarını bildirirlər.
Milli Assambleyada qəbul edilmiş qanun barədə ölkənin nüfuzlu mətbuat orqanlarından “Fiqaro”, “Mond”, “Liberasyon”, “Ekspress” və digərlərində çoxlu sayda yazılar dərc olunur. “Mond“ qəzetinin 23 dekabr tarixli nömrəsində dərc olunmuş “Yaddaşlar heç nəyə xidmət etmir” sərlövhəli məqalədə qəbul olunmuş qanunun ancaq erməniləri dəstəkləyən deputatlar tərəfindən qəbul olunduğu, hər hansı qanunun qəbulunda yaddaşlara deyil, tarixə əsaslanmağın vacibliyi vurğulanmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris