Fransanın Paris Val de Seine Memarlıq Məktəbinin dosenti AzMİU-da mühazirə oxuyub
Bakı, 7 may, AZƏRTAC
Fransanın Paris Val de Seine Memarlıq Məktəbinin dosenti, Fabien Bellat Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün “Sovet memarlığı və urbanizasiya” mövzusunda mühazirə oxuyub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Fabien Bellatın “Sovet memarlığı və urbanizasiya” mövzusunda geniş təqdimatı və mühazirəsi tələbələrin böyük marağına səbəb olub və sonda qonaq tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Fabien Bellat fransız memarlıq tarixçisi kimi sovet və Şərq memarlığı üzərində işləyir. O, Fransanın, Kanadanın və Rusiyanın bir neçə ali təhsil ocağında dərs deyib, Versal qəsrində Le Notre sərgisinin elmi qrupunda iştirak edib. Bir çox sərgilərin və memarlıq tarixi ilə bağlı kitabların müəllifidir.
Fransanın Azərbaycandakı səfirliyinin AzMİU-nun xarici əlaqələr şöbəsi ilə əməkdaşlığı çərçivəsində universitetdə qonaq olan Fabien Bellat əvvəlcə beynəlxalq əlaqələr üzrə prorektor, professor Nərgiz Abdullayeva ilə görüşüb. Bakıya səfərinin məqsədinin Stalin dövründə şəhər memarlığına aid kitabın hazırlığı olduğunu söyləyən qonaq çalışdığı Val de Seine Memarlıq Məktəbi ilə AzMİU arasında əməkdaşlığın qurulmasında maraqlı olduğunu vurğulayıb.
Prorektor Nərgiz Abdullayeva AzMİU haqqında ətraflı məlumat verərək, iki təhsil müəssisəsi arasında əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib. O, təhsil ocaqları arasında anlaşma memorandumunun, eləcə də tələbə və müəllim mübadiləsi üçün protokolun imzalanmasının ikitərəfli əlaqələrin inkişafına kömək göstərəcəyini bildirib.