SİYASƏT
Fransanın üç senatoru Azərbaycanda arzuolunmaz şəxs elan edilmişdir
Bakı, 24 may (AZƏRTAC). Fransalı senatorların Azərbaycanın icazəsi olmadan Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər etmələri heç də münaqişənin həllinə müsbət təsir göstərməyəcəkdir.
Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mayın 24-də keçirdiyi mətbuat konfransında demişdir.
E.Abdullayev bildirmişdir ki, bu gündən etibarən Fransa Senatının üzvləri Filip Morini, Sofi Juassyen və Bernar Funniye rəsmi Bakıdan xəbərsiz Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etdiklərinə görə Azərbaycanda arzuolunmaz şəxslər elan edilmişlər. Azərbaycan öz mövqeyində qətidir və kimliyindən asılı olmayaraq, icazə almadan işğal olunmuş Dağlıq Qarabağa səfər edən rəsmi adamlar arzuolunmaz şəxs elan ediləcəklər.
Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və senatorların bu cür qanunsuz səfərləri rəsmi Parisin ədalətli vasitəçilik edəcəyini şübhə altına salır.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Fransa Senatının bəzi üzvləri bu ölkədə fəaliyyət göstərən erməni icmasının nümayəndələrinin təxribat və şantajlarına uyaraq, özlərinin və təmsil etdikləri dövlətin beynəlxalq nüfuzuna zərər vururlar. Məsələnin mahiyyəti ondan ibarətdir ki, seçkilər zamanı erməni icmasının səslərinə möhtac olan senatorlar onların təkliflərini qəbul edir və qanunsuz hərəkətlərə yol verirlər.
Məsələ ilə əlaqədar olaraq Azərbaycanın Fransadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası, Senatın sədrinə isə etiraz məktubu göndərmişdir. Həm Fransanın xarici işlər naziri, həm də Senatın sədri ölkə qanunvericilərinə müraciət edərək onları işğal olunmuş Azərbaycan ərazilərinə getməkdən çəkinməyə çağırmış və dövlətin Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini nəzərlərinə çatdıraraq bildirmişlər ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və hörmətlə yanaşır.