İDMAN
Futbol üzrə İspaniya Super kuboku keçirilməyə bilər
Bakı, 2 dekabr, AZƏRTAC
Gələn ilin yanvarında Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan futbol üzrə İspaniya Super kuboku təxirə salına bilər.
AZƏRTAC “Marca” nəşrinə istinadla xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanında pandemiya səbəbindən azarkeşlərin stadionlara gəlməsinin qadağan edilməsidir. Bu, turnir iştirakçıları və İspaniya Futbol Federasiyası (RFES) üçün ciddi iqtisadi itkilərə səbəb ola bilər.
Bununla əlaqədar olaraq, RFES yeni plan hazırlayır. Mənbənin məlumatına görə, Super kubok eyni tarixdə, lakin Səudiyyə Ərəbistanında deyil, İspaniya daxilində keçiriləcək.
Qeyd edək ki, RFES və Səudiyyə Ərəbistanı Futbol Federasiyası üç il əvvəl üçillik müqavilə imzalayıblar. Super kubokda - “Barselona”, “Real Madrid”, “Atletiko Madrid” və “Real Sosyedad” komandaları iştirak edəcəklər. Turnirin son qalibi “Real Madrid” olub.