İDMAN
Futzal turnirinə yekun vurulub
Naxçıvan, 18 noyabr, AZƏRTAC.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə və Muxtar Respublikanın Dövlət Gömrük Komitəsinin yaradılmasının 23-cü ildönümünə həsr olunan futzal turnirinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən turnirdə 6 komanda mübarizə aparıb.
Turnir üç turdan ibarət olub. Oyunlar dairəvi sistem üzrə keçirilib. Əsasən, dörd komandanın çempionluq şansı yüksək qiymətləndirilsə də, şansı reallığa çevirən tərəf “Sədərək” komandası olub.
Həlledici qarşılaşmaya qədər bütün görüşlərdə maksimum nəticə göstərən “Sədərək” və “Naxçıvan Şəhər Gömrük İdarəsi” komandaları noyabrın 15-də turnirin qalibi adına aydınlıq gətirmək üçün meydana çıxıblar.
Ümumilikdə, doqquz qolun vurulduğu qarşılaşmada Sədərək Gömrük İdarəsinin təmsilçiləri minimal hesablı üstünlük əldə ediblər. Bu oyunda dörd dəfə fərqlənməklə aktivindəki qolların sayını 19-a çatdıran Aynar İsmayılov komandanın çempion titulunu saxlamasında mühüm rol oynayıb.
Eyni xala malik (7 xal) “Şahtaxtı” və “Komitə” komandaları isə müvafiq olaraq üçüncü-dördüncü yerləri bölüşüblər.
Komandaların mükafatlandırılması mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov ölkəmizdə, o cümlədən muxtar respublikamızda idmanın inkişafına və kütləviliyinin artırılmasına göstərilən yüksək dövlət qayğısından danışıb. Gömrükçülər arasında idmanı təbliğ etmək, onların fiziki sağlamlığının qayğısına qalmaq məqsədilə keçirilən yarışların ənənəvi xarakter aldığını qeyd edən komitə sədri idmanın gömrük əməkdaşları arasında qarşılıqlı münasibətlərin inkişafına müsbət təsir göstərdiyini, onlarda qələbəyə inam, mübarizlik hisslərini artırdığını diqqətə çatdırıb.
Daha sonra komandaların və turnirdə fərqlənən idmançıların mükafatlandırılması mərasimi olub.
“Sədərək” komandası turnirin keçici kuboku ilə yanaşı, kubok, diplom və medallarla təltif olunub. Turnirin “ən yaxşı müdafiəçi”si, “ən yaxşı qapıçı”sı, “ən məhsuldar oyunçu”su, o cümlədən oyunları idarə edən hakimlər də mükafatlandırılıblar.
Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.