İQTİSADİYYAT
Füzuli rayonunun qazla təminatı yaxşılaşdırılır
Füzuli, 6 yanvar (AZƏRTAC). Füzuli rayonunda əhalinin təbii qazla təmin olunması istiqamətində işlər davam etdirilir.
Rayon qaz istismar sahəsindən AZƏRTAC-a bildirmişlər ki, artıq Əhmədbəyli qazpaylayıcı stansiyasından Alxanlı kəndinə 26 kilometr uzunluğunda 315 diametrlik daşıyıcı qaz kəmərinin çəkilişi tamamlanmaq üzrədir. Alxanlı kəndində 360 evə fərdi qaztənzimləyici və sayğac quraşdırılmışdır. Hazırda daxili qaz xətləri çəkilir. Bundan əlavə, Qazaxlar və Mirzənağılı kəndlərinə 2 min 745 metr daşıyıcı, 3 min 945 metr 63 millimetrlik, 1.778 metr 32 millimetrlik paylayıcı qaz xətləri çəkilmişdir. 300 evə fərdi qaztənzimləyici və sayğac quraşdırılmışdır. Yaxın vaxtlarda bu kəndlərin əhalisi “mavi yanacaq”dan istifadə edəcəkdir.
İndiyədək rayonun Horadiz şəhəri, Mollaməhərrəmli, Arayatlı, Babı, Kərimbəyli, Şükürbəyli, Böyük Bəhmənli, Əhmədalılar kəndləri qazlaşdırılmışdır.