REGİONLAR
Füzulidə aztəminatlı ailələr Qurban sevinci yaşayıblar
![](/files/galleryphoto/2017/3/1200x630/15043504082691450962_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15043504084535939400_1200x630.jpg)
Füzuli, 2 sentyabr, AZƏRTAC
Milli-mənəvi dəyərlərin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının rəmzi olan Qurban bayramı respublikamızın bütün bölgələrində olduğu kimi, Füzuli rayonunda da qeyd olunub, xeyriyyə tədbirləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Horadiz şəhərində qurbanlıq qoyunlar kəsilib, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə, digər imkansız ailələrə bayram sovqatı paylanıb. Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bu münasibətlə keçirilən tədbirdə çıxış edərək sakinləri mənəvi birliyin, saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə təbrik edib, onlara əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulayıb.
Rayon icra hakimiyyətinin məsul işçiləri Ermənistan Silahlı Qüvvələrinin Alxanlı kəndini atəşə tutması nəticəsində şəhid olan azyaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyevanın ailəsinə də baş çəkib, onlara bayram sovqatı təqdim ediblər.
Bayram münasibətilə rayonun kəndlərində də qurbanlıqlar kəsilib, aztəminatlı ailələrə paylanıb. Bakı və Sumqayıt şəhərlərində məskunlaşan Füzuli rayonundan olan şəhid ailələrinə də bayram sovqatları göndərilib. Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.